525.Az

Bakı Xoreoqrafiya Akademiyasında QİÇS əleyhinə seminar

[06.12.18]
Bakı Xoreoqrafiya Akademiyasında QİÇS əleyhinə seminar<b style="color:red"></b>

Bakı Xoreoqrafiya Akademiyası Təhsil Kompleksində (BXA) “Ümumdünya QİÇS-lə mübarizə günü”nə həsr olunmuş “Biz sağlam həyat tərzini seçirik” mövzusunda seminar keçirilib.

Tədbirdə AR Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzinin mütəxəssis həkimi Dilşad Mahmudova, Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları polis polkovniki İlhamə Qafarova, polis mayoru Kəmalə Ələkbərova, QİÇS-i törədən zərərli vərdiş və həyat tərzi mövzusunda ekranlaşdırılan “Mayak” filminin yaradıcı heyəti Azərbaycan Respublikasının Xalq artisti Məmməd Səfa Qasımov, filmin ssenari müəllifi Esmira Əyyub, BXA-nın professor-müəllim və tələbə heyəti iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan BXA-nın Tədris şöbəsinin müdir müavini Mirələskər Aslanov tədbir iştirakçılarına Ümumdünya QİÇS-lə mübarizə gününün tarixi, bu virusların törətdiyi xəstəliklərin ağır sosial-iqtisadi nəticələri və bununla bağlı ölkəmizdə görülən tədbirlər haqqında geniş məlumat verib. 

Sonra QİÇS-lə Mübarizə Mərkəzinin həkimi Dilşad Mahmudova narkomaniya xəstəliyi, onun cəmiyyətə gətirdiyi bəlalardan, istifadəçilərinin qarşılaşdığı faciələrdən danışıb.

D. Mahmudova narkomaniyanın keçici xəstəliklərin sürətlə yayılmasına səbəb olduğunu vurğulayaraq  gəncləri sağlamlıqlarını qorumağa, pis vərdişlərdən uzaq olmağa və bu sahədə aparılan maarifləndirmə işlərində yaxından iştirak etməyə səsləyib.

Daha sonra polis mayoru Kəmalə Ələkbərova da QİÇS və insan hüquqları, həmçinin həmin xəstəliklə mübarizə haqqında Azərbaycan Respublikası qanunlarının mühüm müddəalarını diqqətə çatdırıb.

Tədbirin sonunda BXA-nın Elm və yaradıcılıq işləri üzrə prorektoru Sonaxanım İbrahimova çıxış edərək gəncləri sağlam düşüncəyə səsləyərək onları qeyri-sağlam vərdiş və hərəkətlərdən uzaq olmağa çağırıb.

Sonda mövzular ətrafında müzakirələr aparılıb və “Mayak” filmi nümayiş edilib.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.