525.Az

"Dövlət qulluğuna qəbul yüksək standartlara uyğun həyata keçirilir"

"DÖVLƏT QULLUĞU MƏCƏLLƏSİNƏ EHTİYAC VAR"


[05.12.18]
"Dövlət qulluğuna qəbul yüksək standartlara uyğun həyata keçirilir"<b style="color:red"></b>

Müasir müstəqil Azərbaycan Respublikasında dövlət qulluğu sahəsində islahatların əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Belə ki, 2001-ci il sentyabrın 1-də "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minib. Ulu Öndərin siyasi strategiyasını uğurla davam etdirən Prezident İlham Əliyevin 2005-ci il 19 yanvar tarixli Fərmanı ilə Dövlət Qulluğu Məsələləri üzrə Komissiya yaradılıb. Ölkəmizdə dövlət idarəçiliyinin optimallaşdırılması istiqamətində edilən dəyişikliklər nəticəsində Komissiya ləğv olunaraq dövlət qulluğu sahəsində dövlət siyasətinin həyata keçirilməsi funksiyaları Dövlət İmtahan Mərkəzinə tapşırılıb. Dövlətimizin başçısının 2018-ci il 23 noyabr tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya" təsdiqlənib. Sərəncama əsasən, Dövlət İmtahan Mərkəzi Strategiyanın həyata keçirilməsi və icrasının monitorinqi üzrə əlaqələndirici orqan kimi müəyyənləşdirilib.

AZƏRTAC bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin müsahibəsini yayımlayıb.

Müsahibəni ixtisarla təqdim edirik.

- "Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019?2025-ci illər üçün Strategiya" hansı zərurətdən yaranıb?

- Bununla bağlı iki məsələni diqqətinizə çatdırmaq istərdim. Birincisi, bu Strategiya hərtərəfli inkişaf edən ölkəmizdə dövlət qulluğu sahəsində daha genişmiqyaslı islahatlar yolu ilə dövlət orqanlarının fəaliyyətinin effektivliyini artırmaq və dövlət qulluğu sisteminin müəyyən sahələrini təkmilləşdirmək zərurətindən yaranıb. Strategiya dövlət qulluğu sisteminin inkişaf etdirilməsi məqsədilə əsas hədəfləri və bu hədəflərə çatmaq üçün orta və uzun müddəti əhatə edən çoxşaxəli, ardıcıl, mərhələli tədbirləri müəyyənləşdirən konseptual sənəddir. İkinci məsələ isə ondan ibarətdir ki, Strategiya hazırlanarkən Azərbaycanda dövlət qulluğu sisteminin ümumi təhlili aparılıb, onun güclü və zəif tərəfləri, inkişaf etdirilməsi ilə bağlı imkanlar və təhdidlər müəyyən edilib. Dövlət orqanlarında şəffaf prosedurlarla seçilmiş dövlət qulluqçuları çalışır. Məsələn, güclü cəhətlər kimi dövlət qulluğu sahəsində geniş qanunvericilik bazasının mövcudluğunu, Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurasının və dövlət qulluğu sahəsində tənzimləməni həyata keçirən qurumun fəaliyyət göstərməsini, vətəndaşların dövlət qulluğuna yüksək marağı olmasını, dövlət qulluğuna qəbulun və dövlət qulluğu vəzifələrinin tutulmasının yüksək standartlara uyğun həyata keçirilməsini, dövlət orqanlarında şəffaf prosedurlarla seçilmiş, yüksək təhsil səviyyəsinə malik kifayət qədər dövlət qulluqçusunun çalışmasını qeyd etmək olar. Lakin həm vəzifə, həm də karyera modellərinə əsaslanan dövlət qulluğu sistemi elementləri mövcuddur.

Dövlət qulluğu ilə bağlı qanunvericilikdə bəzi tənzimlənməyən məsələlərin mövcudluğu, dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticələri ilə dövlət qulluğunun digər elementləri arasında, dövlət qulluğu və onun xüsusi növləri arasında qarşılıqlı əlaqələrin olmaması, dövlət orqanlarında dövlət qulluğu və insan resurslarının idarə edilməsi üzrə peşəkarlıq səviyyəsinin aşağı olması, şəffaf prosedurların tətbiq edilmədiyi vəzifələrə işə qəbulda neqativ hallara yol verilməsi, həm vəzifə, həm də karyera modellərinə əsaslanan dövlət qulluğu sistemi elementlərinin mövcudluğu zəif tərəflərdir.

Dövlət orqanları rəhbərlərinin dövlət qulluğuna, bu sahədə qanunvericiliyin düzgün tətbiqinə, habelə insan resurslarının idarə edilməsinə lazımi səviyyədə diqqət yetirməməsini, dövlət qulluğu ilə bağlı bir sıra yeniliklərin tətbiqi üçün dövlət orqanlarının müvafiq struktur bölmələrinin potensialının aşağı səviyyədə olmasını, dövlət qulluğu haqqında qanunvericiliyin bəzi normalarının tam şəkildə tətbiq edilməməsini dövlət qulluğu sisteminə təhdidlər kimi səciyyələndirmək olar. Onu da deməliyəm ki, Strategiya hazırlanarkən aparılan təhlillər dövlət qulluğu sistemini inkişaf etdirmək imkanlarını üzə çıxardı. Bu imkanlar sırasında dövlət qulluğu sahəsində islahatların həyata keçirilməsi üzrə təcrübənin, nailiyyətlərin və peşəkarların olmasını, dövlət qulluğu sahəsində reallaşdırılmış beynəlxalq layihələrin və onların nəticələrinin ölkəmizin dövlət qulluğu sistemində tətbiqi mexanizmlərinin mövcudluğunu, Dövlət Qulluğu Məcəlləsinin layihəsinin hazırlanması işinin müəyyən hissəsinin yerinə yetirilməsini, Dövlət Qulluqçularının Reyestrinin digər qurumların informasiya sistemlərinə inteqrasiyası nəticəsində dövlət qulluğunun idarəetmə aləti kimi perspektivlərinin genişliyini vurğulamaq mümkündür.

Strategiyanın əsas məqsədi dövlət qulluğu sistemində idarəçiliyin təkmilləşdirilməsi, dövlət orqanlarının kadr potensialının inkişaf etdirilməsi, yüksək mənəvi və etik dəyərləri əsas tutan, bilik, bacarıq və müsbət şəxsi keyfiyyətləri ilə seçilən dövlət qulluqçuları korpusunu formalaşdırmaqla dövlət orqanlarının fəaliyyətində səmərəliliyin artırılmasıdır.

- Dövlət qulluğunu inkişaf etdirmək üçün Strategiya hansı istiqamətləri nəzərdə tutur?

- Strategiya dövlət qulluğu sisteminin inkişafı məqsədilə institusional quruculuq, kadr siyasəti, dövlət qulluqçularının rotasiyası, onların peşəkarlığının və fəaliyyətinin səmərəliliyinin artırılması, dövlət qulluğunda səriştə (kompetensiya) və mütərəqqi motivasiya (həvəsləndirmə) modellərinin tətbiqi, dövlət qulluğunun informasiya təminatının yaxşılaşdırılması sahəsində və bir sıra əlaqəli sahələrdə əsaslı islahatlar aparılmasını nəzərdə tutur.

- Dövlət qulluğunda səriştə modelinin tətbiqi barədə bir qədər ətraflı məlumat verərdiniz...

- Artıq dünyanın bir çox qabaqcıl ölkələrində dövlət qulluğuna qəbulda dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsində səriştə modeli çox geniş tətbiq edilir. Bu modelin tətbiqində beynəlxalq təcrübədə ən aparıcı alət kimi Qiymətləndirmə Mərkəzindən istifadə olunur. Azərbaycanda da bu modelin tətbiqi, vəzifələr üzrə yalnız formal tələbləri deyil, həmin vəzifələrin tutulması üçün zəruri bacarıqları, onların ölçülməsi və qiymətləndirilməsi mexanizmləri və bunun üçün qiymətləndirmə alətləri kompleksinin (test, praktiki tapşırıq, müsahibə və s.) yaradılması, habelə səriştə modelinin dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsində tətbiqi ilə bağlı təkliflər hazırlanması nəzərdə tutulur. Onu da deyim ki, Qiymətləndirmə Mərkəzi alətinin tətbiqi üzrə DİM tərəfindən həyata keçirilən Tvinninq layihəsi çərçivəsində ilkin təkliflər hazırlanıb.

- Dövlət qulluqçularının fasiləsiz peşəkar inkişafı necə təmin ediləcək?

- Qeyd edim ki, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası dövlət qulluqçularının peşəkar inkişafı sahəsində aparıcı təşkilatdır. Bu akademiyanın, eləcə də dövlət orqanlarının tədris mərkəzlərinin fəaliyyətinin təkmilləşdirilməsi, dövlət qulluqçularının əlavə təhsilinin maliyyə təminatı sisteminin formalaşdırılması, onların təlim tələbatlarının öyrənilməsi və nəticədə təlim strategiyasının hazırlanması ilə bağlı işlərin görülməsi nəzərdə tutulur.

- Siz söhbətimizin əvvəlində dövlət qulluğunun informasiya təminatının yaxşılaşdırılması sahəsində islahatlar aparılmasının nəzərdə tutulduğunu qeyd etdiniz...

- Strategiyada informasiya texnologiyalarının nailiyyətlərindən dövlət qulluğunun idarə edilməsində də geniş tətbiq olunması ilə bağlı lazımi tədbirlərin görülməsi əsas məqsədlərdən biri kimi qarşıya qoyulub. Bu məqsədlə Dövlət Qulluqçularının Reyestrinin təkmilləşdirilməsi, bu Reyestrlə digər dövlət orqanlarının məlumat bazaları arasında qarşılıqlı informasiya mübadiləsinin təmin edilməsi, dövlət qulluğu sahəsində statistik topluların hazırlanması və ümumilikdə dövlət qulluğu sahəsində digər fəaliyyətlərin elektronlaşdırılması ilə bağlı müvafiq işlərin görülməsi nəzərdə tutulur.

- Dövlət qulluğuna dair qanunvericiliyin təkmilləşdirilməsi və icrasına nəzarət məsələləri öz həllini necə tapacaq?

- Azərbaycanın dövlət qulluğu sisteminin təhlili haqqında danışarkən onun güclü tərəflərindən biri kimi zəngin qanunvericilik bazasını qeyd etdim. Amma bir önəmli məqamı da unutmaq olmaz: qanunvericiliyin bir sıra normalarının tam tətbiq edilməməsi dövlət qulluğunun inkişafında əsas təhdid hesab edilən məsələlərdəndir. Bu məsələnin həlli üçün dövlət qulluğuna dair qanunvericiliyin icrasına nəzarət mexanizmlərinin tərtib olunması, aşkarlanmış pozuntu və çatışmazlıqların təhlili əsasında dövlət qulluğuna dair qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində təkliflərin hazırlanması nəzərdə tutulur. Eyni zamanda, dövlət qulluğuna dair normativ hüquqi aktların çoxluğu və müəyyən pərakəndəliyi onların düzgün tətbiqində çətinlik yaradır. Odur ki, bu sahədə vahid qanunvericilik aktının - Azərbaycan Respublikasının Dövlət Qulluğu Məcəlləsinin qəbul edilməsi ilə bağlı müvafiq tədbirlər görüləcək.

- Dövlət orqanlarının struktur bölmələrinin və dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi istiqamətində hansı işlər görüləcək?

- Bu məsələ ilə bağlı da təkliflər hazırlanması nəzərdə tutulur. Müvafiq mexanizmdə qiymətləndirmənin nəticələri həmin bölmələrin rəhbərlərinin və əməkdaşlarının fəaliyyətinin qiymətləndirilməsi nəticələri ilə müqayisə edilməli və beləliklə, qiymətləndirmədə obyektivlik və peşəkarlıq təmin olunmalıdır. Azərbaycanda dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi mövcud olsa da, bu sistem formal xarakter daşıyır və dövlət qulluğunun digər elementləri ilə əlaqələndirilmir. Buna görə də xidməti fəaliyyətin qiymətləndirilməsinin əhəmiyyətinin artırılması, qiymətləndirmə nəticələrinin əməkhaqqı, qulluqda yüksəliş, rotasiya, əlavə təhsil və dövlət qulluğunun digər elementləri ilə əlaqələndirilməsi istiqamətlərində, o cümlədən, bu istiqamətlər üzrə müasir metodlardan (özünüqiymətləndirmə, müsahibə, daxili komissiya, 360 dərəcə metodu) geniş istifadə edilməsi üçün konkret işlərin görülməsi planlaşdırılır.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.