525.Az

Mehdi Hüseynzadənin 100 illik yubileyi qeyd edilir

[05.12.18]
Mehdi Hüseynzadənin 100 illik yubileyi qeyd edilir<b style="color:red"></b>

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində Azərbaycan xalqının qəhrəman oğlu, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin 100 illik yubileyi ilə əlaqədar tədbirlər keçirilir.

İdarədən Trend-ə verilən məlumata görə, təhsil müəssisələrində “Mehdi Hüseynzadə və gənclərin vətənpərvərlik tərbiyəsi” mövzusunda konfrans, mühazirə, disput və “Dəyirmi masa”lar təşkil edilir. Eləcə də təhsil müəssisələrində unudulmaz qəhrəmana aid fotostendlər, bülletenlər hazırlanır, “Mehdi Hüseynzadə-100” adlı guşələr yaradılır, şagirdlərin əl işlərindən ibarət sərgilər təşkil olunur. Bundan əlavə, məktəblilər arasında Azərbaycan xalqının igid oğlu Mehdi Hüseynzadəyə həsr olunmuş “Qəhrəmanlar ölmürlər” mövzusunda inşa yazı müsabiqəsi, “Qəhrəmanlarımızı tanıyaq, tanıdaq” mövzusunda bilik yarışları keçirilir.

Həmçinin, təhsil müəssisələrində Mehdi Hüseynzadənin keçdiyi şərəfli ömür yolunu və qəhrəmanlığını əks etdirən “Uzaq sahillərdə” və “Təxəllüsü Mixaylo” filmləri nümayiş olunur.

Tədbirlərdə qəhrəmanın həyat yolu haqqında ətraflı məlumatlar verilir, onun şərəfli həyat yolunun bu gün Vətənimizin sərhədlərini qoruyan gənclər üçün əsil nümunə olduğu bildirilir. Mehdi Hüseynzadənin faşizmə qarşı mübarizədə apardığı çoxsaylı uğurlu kəşfiyyat əməliyyatları və nümayiş etdirdiyi misilsiz hərbi şücaətləri ilə böyük şöhrət qazandığı şagirdlərin diqqətinə çatdırılır.

Tədbirlərdə şagirdlər ədəbi-bədii kompozisiyalar nümayiş etdirir, şeirlər söyləyir, mahnılar oxuyurlar.

Həmçinin paytaxt məktəblərinin şagird və müəllim kollektivlərinin Mehdi Hüseynzadə adına Novxanı 1 nömrəli tam orta məktəbdə yerləşən Tarix-Diyarşünaslıq Muzeyinə ekskursiyaları da təşkil edilir.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.