525.Az

AzMİU-da əfsanəvi partizan Mehdi Hüseynzadənin xatirəsi anılıb

[05.12.18]
AzMİU-da əfsanəvi partizan Mehdi Hüseynzadənin xatirəsi anılıb<b style="color:red"></b>

Dekabrın 4-də Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) YAP Yasamal rayon ərazi təşkilatı Qadınlar Şurasının təşəbbüsü ilə II Dünya müharibəsində qəhrəmanlıq göstərmiş igid partizan, leytenant Mehdi Hüseynzadənin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Ölkə prezidenti İlham Əliyevin Mehdi Hüseynzadənin 100 illik yubileyinin keçirilməsi haqqında Sərəncamına əsasən təşkil olunan yubiley mərasimində universitetin professor-müəllim heyəti, tələbələr və qonaqlar iştirak ediblər.

Əvvəlcə tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. YAP Yasamal rayon ərazi təşkilatı Qadınlar Şurasının sədri, universitetin Azərbaycan dili və pedaqogika kafedrasının müdiri Salatın Əhmədli tədbiri açıq elan edərək, gələn qonaqları salamlayıb. Ölkə başçısının “Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin 100 illik yubileyinin keçirilməsi haqqında” 23 iyun 2018-ci il tarixli Sərəncamına uyğun olaraq ölkəmizdə silsilə tədbirlərin keçirildiyini, bugünki tədbirin də bu sıradan biri olduğunu söyləyib, onun tələbələr üçün olan əhəmiyyətini vurğulayıb. Salatın xanım çıxışında qəhrəmanın şərəfli həyat yolu haqqında ətraflı məlumat verib.

S.Əhmədlinin çıxışından sonra tədbir iştirakçıları Mehdi Hüseynzadənin qısa və şərəfli ömür yolundan, başçılıq etdiyi partizan qrupu ilə birlikdə apardığı kəşfiyyat-təxribat əməliyyatlarındakı uğurlarından bəhs edən filmə baxıblar.

Çıxış edənlərdən filologiya elmləri doktoru, professor Vüqar Əhməd, tədqiqatçı, hərbi jurnalist Şəmistan Nəzirli, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi katibi, dosent Əzizağa Nəcəfov, Abşeron rayonu Novxanı kəndində Mehdi Hüseynzadə adına 1 nömrəli tam orta məktəbin direktoru Taliyyə Mirzəyeva qəhrəman partizanın xatirəsinə göstərilən sevgi və ehtirama görə universitet rəhbərliyinə öz təşəkkürünü bildirib. V.Əhməd qəhrəmanın ədəbi yaradıcılığından söz açıb, M.Hüseynzadənin döyüş yolu ilə yanaşı, şair kimi yaradıcılığının ədəbiyyatşünaslar tərəfindən tədqiq edilməsinin vacibliyini qeyd edib. Hərbi jurnalist Ş.Nəzirli M.Hüseynzadə barədə olan tarixi sənədlərin bərpasında, arxivlərdə yer alan gizli sənədlərin tapılaraq araşdırılma mövzusuna çevrilməsində Heydər Əliyevinin misilsiz xidmətlərindən danışıb. Qəhrəman barədə döyüş yoldaşlarının xatirələrini tədbir iştirakçıları ilə bölüşüb.

Tədbirin gedişində AzMİU-nun Əcnəbi vətəndaşların hazırlığı fakültəsinin tələbələri Bilal Diler, Kardelen Ağumun və digər tələbələrin ifasında M.Hüseynzadənin yaradıcılığında yer alan “Tərlanım” , “A Dost”, “Dəli Ceyran” şeirləri, eləcədə Səməd Vurğun, Nəbi Xəzri kimi şairlərin qəhrəmana ithaf olunmuş şeirləri səsləndirilib. Tədbir VI muğam müsabiqəsinin Qran Pri mükafatı qalibi Almaxanım Əhmədlinin ifasında M.Hüseynzadənin sözlərinə yazılmış musiqilərin səsləndirilməsi ilə davam edib.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.