525.Az

Portuqaliya şirkətlərinin Azərbaycana marağı artır

JORGE QABRİEL SİLVA DA FONSEKA: "ÖLKƏLƏRİMİZ ARASINDA TİCARƏTİN ARTMASI VƏ ŞAXƏLƏNDİRİLMƏSİ ÜÇÜN ÇOX ƏHƏMİYYƏTLİ İMKANLAR VAR"


[23.11.18]
Portuqaliya şirkətlərinin Azərbaycana marağı artır<b style="color:red"></b>

Azərbaycanla Portuqaliya arasında diplomatik əlaqələr 1992-ci ildə qurulub. Sovet dönəmində iki ölkə arasında mədəni əlaqələr mövcud olub.

Müstəqillik illərində isə münasibətlər daha dinamik inkişaf etməyə başlayıb, əvvəlcə bu ölkənin Azərbaycana fəxri konsulu təyin edilib, 2015-ci ildə isə Portuqaliya Bakıda səfirlik açıb.

Müsahibimiz Portuqaliyanın  Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Jorge Qabriel Silva da Fonseka iki ölkənin siyasi, iqtisadi, mədəni əlaqələri,  gələcək planlar barədə daha ətraflı danışıb.

- Cənab səfir, hazırda Azərbaycanla Portuqaliya arasında mövcud münasibətlər necədir?

- Mən əvvəlcə demək istəyirəm ki, ölkəmə gözəl Azərbaycanda çalışmaqla xidmət edə biləcəyimdən şərəf duyuram. Portuqaliya adından iki ölkə arasında əməkdaşlığı möhkəmləndirmək və genişləndirmək üçün səylə çalışmağa tam sadiqəm.

Portuqaliya ilə Azərbaycan arasında siyasi və diplomatik əlaqələr olduqca müsbətdir, baxmayaraq ki, qarşılıqlı maraq sahələrində gələcək inkişaflar üçün potensial var.

2016-cı ildə Portuqaliyanın xarici işlər nazirinin dəvəti ilə Azərbaycanın xarici işlər naziri  Elmar Məmmədyarov Lissabon şəhərində səfərdə olub. Orada nazirlər ikitərəfli siyasi və iqtisadi əlaqələrin möhkəmləndirilməsinin vacibliyi barədə razılaşmaya gəldilər və bu səfərlə iki ölkə arasında ixracın, investisiyaların təşviqinə böyük dinamizm verilmiş oldu.

Son il yarım ərzində Portuqaliyaya digər nazirlərin, mədəniyyət nazirinin, idman və gənclər nazirinin səfərləri həyata keçirilib. Ötən ay Lissabonda iki ölkə arasında siyasi məsləhətləşmələrin ilk mərhələsi oldu.

- İqtisadi sahədə iki ölkənin münasibətləri nə yerdədir? Bu istiqamətdə əsas əməkdaşlıq sahələri hansılardır?

- Portuqaliya ilə Azərbaycan arasında ikitərəfli ticarət hələ də yüksək səviyyədə deyil, lakin hər iki tərəf son 25 ildə Azərbaycanda əldə edilmiş sosial-iqtisadi inkişafı da nəzərə alaraq, vəziyyəti dəyişməkdə qərarlıdır.

2017-ci ildə bizim ikitərəfli ticarət dövriyyəmiz 456 milyon dollara çatdı. Burada 10 milyon dollar Portuqaliyanın ixracının, 446 milyon dollar isə Azərbaycanın idxalının payına düşür. Portuqaliyanın ixracatı əsasən maşın, əczaçılıq vasitələri, mebel, toxuculuq və kənd təsərrüfatı məhsullarından ibarətdir. Azərbaycandan idxalı isə demək olar ki, bütövlükdə enerji məhsulları, xüsusilə də xam neft təşkil edib.

Portuqaliya şirkətlərinin Azərbaycana maraqları artmaqdadır.  İxracatçı şirkətlərin sayı 2011-ci ildə 39-dan 2015-ci ildə 83-ə yüksəlib. İyul ayında portuqaliyalı iş adamlarından ibarət nümayəndə heyətinin Azərbaycana çox uğurlu səfərləri olub.

Ümumiyyətlə, ölkələrimiz arasında ticarət axınlarının artması və şaxələndirilməsi üçün çox əhəmiyyətli imkanlar var və biz bu məqsədlə birgə işləyəcəyimizi deyə bilərik.

Hər iki ölkədə qarşılıqlı iqtisadi əlaqələrin gücləndirilməsi üçün böyük potensial və güclü siyasi iradə mövcuddur. Bu məqsədə nail olmaq üçün iş adamlarımızı bir araya gətirmək, onları biznes və əməkdaşlıq imkanlarını araşdırmağa təşviq etmək üçün daha güclü kollektiv səy tələb olunur.

Ən böyük dinamizm və potensial sahələri bunlardır: infrastrukturun layihələndirilməsi və tikintisi, informasiya texnologiyaları, enerji, səhiyyə sənayesi, bərpa edilə bilən enerji, tekstil, keramika, şərab və turizm.

- Yeri gəlmişkən, Azərbaycan son illər yeni bir turizm istiqaməti kimi dünyada tanınmaqdadır. Portuqaliya isə məşhur turizm nöqtələrindən biridir. Bu sahədə əməkdaşlıq planınız var?

- Azərbaycan turizm sahəsini böyük uğurlar əldə etməklə inkişaf etdirir. Biz hər iki ölkənin turizm potensialı ilə bağlı təcrübə mübadiləsi aparmaq məqsədi ilə gələn il bəzi turoperatorların Portuqaliyaya səfərinin təşkili proqramı üzərində işləyirik.

Azərbaycanla güclü əlaqələr qurmaq mənim ölkəm üçün böyük əhəmiyyət kəsb edir. Hal-hazırda qüvvədə olan ikitərəfli əməkdaşlıq müqavilələri var, bir sıra sənəd layihələri isə müzakirə mərhələsindədir. Bunlar siyasi-diplomatik məsələlərdən, biznesin təşviqinə qədər geniş məsələləri əhatə edən sənədlərdir.

Ümidvarıq ki, Elmar Məmmədyarovun səfəri zamanı Lissabonda imzalanmış "İqtisadi əməkdaşlıq haqqında ikitərəfli saziş" mövcud iqtisadi əlaqələrin daha da genişləndirilməsinə kömək edəcəkdir.

- Cənab səfir, hər iki ölkənin zəngin mədəniyyətlərinin tanıdılması üçün nə kimi layihələrin həyata keçirilməsi planlaşdırılır?

- Ortaq maraqların digər sahələrində əməkdaşlığın genişləndirilməsi məqsədi ilə hələ daha çox iş görülməlidir. Məsələn, mədəniyyət sahəsi  Portuqaliya ilə Azərbaycan arasında daha sıx əməkdaşlıq etmək və xalqlarımızın daha yaxşı anlaşmasının inkişaf etdirilməsi üçün tədqiq edilməyə layiq olan bir vasitədir. Bu yaxınlarda Bakıda Muzey Mərkəzinin rəsm qalereyasında açılmış "Found and findings" beynəlxalq rəsm sərgisi, dekabrın 15-də keçiriləcək Portuqaliya və Azərbaycan musiqiçilərinin klassik konserti mədəni əməkdaşlığımıza dair iki nümunədir.

Portuqaliya dilinin təşviqi mənim hökumətimin ən yüksək mədəni prioritetlərindən biridir və ümid edirik ki, yaxın gələcəkdə Azərbaycanda Portuqaliya dili dərslərinin verilməsi mümkün olacaq. Biz bunun üzərində işləyirik. Portuqaliya dilində dünyada 260 milyon nəfərin danışdığı təxmin edilir. Bu, ingilis və ispan dilindən sonra Avropada üçüncü, dünyada  isə ən çox danışılan altıncı dildir. Həmçinin, bir sıra mühüm beynəlxalq təşkilatlarda işçi, yaxud rəsmi dildir.

- Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Portuqaliyanın mövqeyi nədən ibarətdir?

- Portuqaliya Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini dəstəkləyir. Bizim bu məsələ ilə bağlı mövqeyimiz dəyişməz olaraq qalır. Biz Minsk qrupu tərəfindən həyata keçirilən vasitəçilik səylərini dəstəkləyirik və ümid edirik ki, gələcək danışıqlar münaqişənin hərtərəfli, sülh və uzunmüddətli həllinə yönəldiləcəkdir.

PƏRVANƏ


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.