525.Az

“İşimizi daha da genişləndirmək, şaxələndirmək fikrindəyik”

[15.11.18]
“İşimizi daha da genişləndirmək, şaxələndirmək fikrindəyik”<b style="color:red"></b>

Müsahibimiz AMEA Rəyasət Heyətinin İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsi Mətbuat orqanları şöbəsinin rəis müavini, “Elm və həyat” jurnalının məsul katibi Turan Rəhimovadır.  

- Turan xanım, neçə illərdir jurnalist kimi fəaliyyət göstərirsiniz, Akademiyanın “Elm və həyat” jurnalına məsul katiblik edirsiniz. Bu illər ərzində jurnalistika sizə nəyi öyrədib? 

- Jurnalistikada ümumiyyətlə, bütün sahələri öyrəndim, bitirdim deyə bir fikir yoxdur. Həyatın bütün sahələrində daima öyrənirsən, daima axtarışdasan. Jurnalistikanın öyrətdiklərinə gəlincə isə hər kəs özü dərk etdiyi səviyyədə mənimsəyə bilir. Onun həm çətin, həm də çox maraqlı tərəfləri var. Uzun illər mən bu sahədə ancaq öyrənmişəm, hələ də öyrənirəm. Jurnalistikada həyata baxış tərzi tamamilə fərqli olur. Əgər bir obyektə hamı eyni cür baxırsa, jurnalist o obyektə tam-başqa tərzdə yanaşır. Hadisələr jurnalistləri daha çox təsirləndirir, maraqlandırır, bəzi hallarda isə hətta ilhamlandırır. Jurnalist hadisələri öncə özü həzm etməyi bacarmalıdır, sonra isə ictimaiyyətə çatdırır, apardığı araşdırmanın nəticələrini cəmiyyətin subyektiv fikirlərinə həvalə edir. Cəmiyyətin düşüncəsinə təsir göstərmək olar, amma təzyiq göstərmək mümkün deyil. Əgər söhbət müasir jurnalistikadan gedirsə. Müasir jurnalistika dedikdə, təkcə qəzet, televiziya, radio, internet portallar, fotojurnalistika, məktublar nəzərdə tutulmur, həm də sosial şəbəkələr də nəzərdə tutulur. Düzdür, müasir cəmiyyətdə informasiya yaymaq daha asandır. Hətta deyərdim ki, bir göz qırpımında xəbər yaymaq olar. Amma onu yaymaq üçün jurnalist həm də vicdanlı olmalıdır. Jurnalistikada təkcə bilik kifayət deyil, həm də bu sahənin tələbi istedaddır. Hərtərəfli istedadlı, məlumatlı olmalısan, yəni xüsusi bacarığın olmalıdır, hadisələri dərhal hissetmək, duymaq, analiz etmək qabiliyyətinə malik olmalısan. Mən jurnalistika sahəsini hind Allahı Krişnaya bənzədirəm. Bu sahənin də Krişnanın qolları kimi müxtəlif qolları, müxtəlif rəngləri var. Jurnalist hər hansı bir obyekti həm də rəssam gözü ilə araşdırır, nəticələri təxəyyülünə əsaslanaraq yaradıcı şəkildə təhlil edir, ictimaiyyətə çatdırmağa çalışır. Jurnalistika məntiqə əsaslanır. Burada da əsas leytmotiv analiz və sintezdir.  

- Sizcə, Azərbaycan jurnalistikasının əsas özəlliyi nədədir?  

- Jurnalistikamızın tarixi “Əkinçi” ilə başlayır. Sonra “Şərqi rus” xüsusi bir mərhələ təşkil edir. Amma jurnalistikamızın xaraktercə formalaşması məncə, “Molla Nəsrəddin”dən başlayır. Müasir jurnalistikamızın bir çox janrları bu jurnalda yaranıb və formalaşdırılıb.

Jurnalistikamızda olan neqativ hal odur ki, bəzən bu sahədə qeyri-peşəkarlar, bu sahəyə tamamilə yad olan diletantlar fəaliyyət göstərirlər. Bu, sosial şəbəkələrdə daha çox nəzərə çarpır. Təəssüf doğuran bir də budur ki, insanların daim izlədiyi və həyatlarının bir parçasına çevrilmiş televiziya kanallarında dilimizin qayda-qanunlarını bilməyən teleaparıcılara, diktorlara çox rast gəlinir.  

- Bir müddətdir, “Elm və həyat” jurnalında çalışırsınız. Jurnaldakı fəaliyyətinizlə, jurnalın özü ilə bağlı nə dyə bilərsiniz? Yəqin ki. gələcək planlarınız, həyata keçirmək istədiyiniz yeni layihələriniz də var. 

- Məninm özümün jurnalda çalışdığım müddətdə müsahibə götürdüyüm, oxucularla tanış etdiyim, onlara təqdim etdiyim insanların sayı çoxdur. Özü də həm respublikamızda, həm də respublikamızdan kənarda görkəmli alimlərimizlə görüşərək onlardan müsahibələr almış, haqlarında yazılar hazırlamışam. Bunların içərisində Azərbaycan Elmlər Akademiyasında çalışan fizika-riyaziyyat elmləri doktoru, professor Oktay Vəliyevi, Türkiyədə fəaliyyət göstərən riyaziyyat üzrə elmlər doktoru, professor Elman Həsənoğlunu, texnika elmləri doktoru, professor Rafiq Mehdiyevi və başqalarının adını çəkə bilərəm. Azərbaycan elminə göstərdiyimiz xidmətə gəldikdə isə bizim jurnalımız, əlbəttə, çox böyük xidmətlər göstərib. Əlimizdən gələni etmişik ki, görkəmli alimlərimizin fəaliyyətini layiqincə işıqlandıraq, onlarla tanış olan gənclərimizdə elmə maraq oyadaq.

Bir də xatırladım ki, bizim jurnalımız sırf elmi jurnal deyil. Burada məlumat xarakterli, əyləncə xarakterli də materiallar özünə yer tapır. Bu isə oxucularımızın, xüsusi ilə gənclərimizin elmi bazasının gücləndirilməsinə xidmət edir.

Ümumiyyətlə, planlarımız çoxdur. Fikrimiz işimizi daha da genişləndirmək, fəaliyyətimizi şaxələndirmək, imkan daxilində “Elm və həyat” jurnalını ən populyar jurnal kimi cəmiyyətə təqdim etməkdir.  

Səlim ƏZİMOV
Əməkdar müəllim


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.