525.Az

Səftər kişinin əhvalatları

[04.08.12]
Səftər kişinin əhvalatları

ŞAHİN NƏĞMƏSİ

Bir yol iqtisadçı Tahir Hüseynov, Ukraynanın yanacaq və energetika nazirinin müavini Burzu Əliyev, yazıçı Rəşad Məcid və mən nahar eləyirdik. Ukraynalı Burzu Əliyev telefonundakı muğamları oxudub adlarını xəbər aldı, azərbaycanlı Rəşad Məcid, haqq üçünə, bir-ikisini oxşatdı, mən də onun kimi, Tahir müəllimsə hamısının adını çəkdi: səhv, ya düz. Onda dedilər ki, muğamları Şahin Rüstəmov dəqiq tanıyır.

Yaxşı da musiqi duyumu var!..

İdmançı olduğunusa nə görmüşəm, nə də eşitmişəm. Amma fəhmim belə deyir. Boyunun ucalığına, düz qamətinə rəğmən, heç kəsə yuxarıdan aşağı baxmır, hər halda, sezməmişəm.

Mütailəsinə də söz ola bilməz!..

Gündəlik mətbuatı gözucu izləsə də, həftəsonu çıxan qalın qəzetləri başsağlığınacan oxuyur. Qeydləri dəqiqdi; misal çəkəsi olacam! Xalq yazıçısı Anarla Konstitusiya Məhkəməsində görüş zamanı – qonağın əsərlərindən tutmuş, son müsahibələrinə qədər – elə əhatəli danışıb ki, AYB sədri təəccüblənib: “Bəs siz məhkəmə işləri ilə haçan məşğul olursuz?!”

O, namaza da vaxt tapır!..

Hüquqşünas kimi çox məşhurdu, ona taleyini arxayınca etibar eləmək olar. Bütün ömrü hüquq-mühafizə orqanlarında keçib.

Diqqətlidi!..

Xanəndə Mənsum İbrahimovdan yazdığım esseni “525”-də oxuyub zəng eləmişdi. Dedi ki, Mənsum yaxşı sənətkardı, yoxsa ondan yazmazdın...Bayramlarda mesaj göndərər. “Ə”, “Ç”, “Ş”, “Ü”, “Ö” hərfləri də əlifba kitabında olduğu kimi.

Hekayə yazmağı ağlıma da gəlməzdi – o, Generaldı!..

Hər ikimizin əzizi Rəşid Faxralı toplayıb bu hekayə-əhvalatları, ön söz yazmağısa mənə özü tapşırıb.

Generalın sözü əmr olar.

Generalın sözü...sözdü!..

Yazıçılıq eləməyib, başına gələnləri, eşitdiklərini qələmə alıb. Sadə, bəzək-düzəksiz. Oxuyub güldüm, heyrətləndim daha çox.

Bu zabitəli kişinin yumor damarı nə yoğunmuş! Onu dərisinin altında necə gizlədə bilib?!

Əsərlərinin qəhrəmanlarına qəhrəmandan başqa hər söz demək olar. Sözgötürəndilər hamısı. Xırda adamlardı: işverən, lağlağı, qorxaq, yazıq. Biriylə ayaqqabı geymək olar, o biriylə butlka açmaq; biriylə milçək öldürərsən, o biriylə kanal dəyişərsən. Adamların hamısını sevmək çətindi, amma onlara hörmət eləməyə borclusan. Yekə adamlara çox, balacalara bir balaca. Şahin müəllim balaca adamlara lazım olduğundan çox hörmət eləyib, onları sözə gətirib. Adamlıqları olsa, burda qalarlar, olmasa, gedərlər öz xırda işlərinin ardınca.

Məsələn, Səfər kişi xortlayandan sonra əməlli-başlı adam olacaqdı, əcəl imkan vermədi. Ondan nəsə gözləmək olar.

İsmayıl kişidən gərək Əbdürrəhim bəy yazaydı, heyif ki, tale onları görüşdürməyib.

Totu-lotu-potu – “Gülüşün göyqurşağı”nın müxtəlif rəngləridi, diqqətlə baxın...

“Tabut əhvalatı”nda xoşuma gələn passaj: bacısı qoşulub qaçan qardaşlar ürəklərində sevinsələr də, evdəkiləri bir “pors” qırıb batırmalıdılar. Yoxsa qıraqdan adama nakişi deyərlər. Mentalitetin ağıl dişinə bax...

Məhkəmələrdə baş verən qeyri-adi hadisələr maraqla oxunur. Birini də mən danışım, istəsə, yazsın. Cavan məhkəmə sədri (təxminən müəllif boy-buxunda) cinayət işi araşdırır. Oğlan neçə ildi Rusiyada, gəlin kənddə hamilə. Di gəl, müqəssiri tap. Sədr oğlanın atasını zala çağırır. Oğlan qəzəblənir: “Mənə səbəbkarı tap göstər, onu parçalayım!”. Sədr ataya söz verir. Eşitdiklərindən şoka düşən oğul zalda qarşısına çıxanı döyüb söyür, axırda sədrə cumur. Sədr qeyzlənir: “Ə, camaatdan nə istəyirsən? Nə eləyib, atan eləyib. Parçala da səbəbkarı!”

Bəlkə də o, bu əhvalatı məndən yaxşı bilir. Qəsdən yazmayıb ki, oxuyub utanan olar. Amma indi kimdi kimin kitabını oxuyan. Fikri özünə getməsin: bu qədər iş-gücün içində həm kitab oxuya, həm də kitab yaza.

Onun gözəl də səsi var!..

Bu kitab da bir nəğmədi: Şahin nəğməsi...

Qulu Ağsəs

 

 

Şahin Rüstəmov

Qonşumuz Səftər kişini müharibəyə 1943-cü ilin payızında aparıblar. Müharibəyə gedəndən cəmi altı ay sonra başından və üzündən aldığı yaralara görə onu ordudan tərxis eləyiblər. Həmin vaxtdan sovetlikdə, kənddə ona “Kontujnu Səftər” deyiblər. Söz yox ki, xəlvətdə, özünün yanında onu həmişə tərifləyiblər ki, kişi müharibədə can qoyub.

Deyilənə görə, Səftər kişi orduya çağırılanda bizimkilər artıq əks-hücuma keçiblər, faşistləri qovmağa başlayıblar. Səftər kişini arxa cəbhədən irəli gedənləri sursatla təmin edən tağıma veriblər, o da hərbi sursatları vaqonlara, maşınlara doldurub ön cəbhəyə göndərənlərlə birlikdə xidmət eləyib.

Günlərin bir günü Səftər kişini ön cəbhəyə göndəriblər. Səbəb də bu olub ki, sursat aparan əsgərlərdən bir neçəsi könüllü ön cəbhəyə vuruşmağa gedib, onların yerini doldurmaq üçün sursat aparan qatarın üstündə nəzarətçilər lazım olub. Onlardan biri də Səftər kişi olub. Bu kişi cəbhənin ön xəttinə çatanda döyüşü görmək arzusuna düşüb və komandirdən xahiş edib ki, gecə səngərdə dayanan əsgərlərə qoşulmağa ona müvəqqəti icazə versin. İcazəni alandan sonra ön cəbhədə düşmənlə üzbəüz dayanmış səngərə gedib. Gecə yarısı Səftər kişinin bərk yuxusu gəlib. Yuxusunu dağıtmaq üçün səngərdən ayağa durub. Aylı gecə olduğundan düşmən onu görüb və nişan alıb. Bu zaman Səftər kişi əsnəyə-əsnəyə yana çevrilib, güllə onun sol ovurdundan dəyib sağ ovurdundan çıxıb. Əsnədiyi üçün dişlərinə və çənəsinə heç nə olmayıb. Ancaq həmin vaxt düşmənin qumbaraatandan atdığı qumbara Səftərin düz yanına düşdüyündən başından xəsarət alaraq kontuziya olub və çıxıb gəlib evə.

Evə gələndən sonra Səftər kişi əvvəlcə kolxozun birlik həyətində, taxıl biçini zamanı xırmanda, pambıq yığımı zamanı pambıq məntəqəsində gözətçi işləyib. Bu zaman o, heç kimə güzəşt etməyib, bir adama bir kilo da olsa taxıl, pambıq verməyib. Bir dəfə başaq yığan beş uşaqlı bir qadını tutub öz əliylə milisə təhvil verib. Qadının əsgər ailəsi olması onu həbsdən qurtarıb.

Səftər kişi kolxozda taxıl anbarının gözətçisi işlədyi vaxtlarda onun Şura adında bir köməkçisi varmış. Şura Səftər kişi olmayanda anbardan göz-qülaq olur, gətirilən taxılın yerə tökülməsinin, israf olunmasının qarşısını alırdı. Amma Səftər kişinin iştirakı olmadan anbardan bircə kilo da taxıl buraxmağa ixtiyarı çatmazdı. Orasını da deyim ki, Şura əlitəmiz adam deyildi, Səftər kişi anbarda olmayanda, xüsusən gecələr kiçik torbada, kisədə olsa belə taxıldan gizlicə oğurlayardı. Son vaxtlar Səftər kişi də şübhələnmişdi ki, deyəsən anbardan oğurluq edirlər. Elə Şuranın özündən də şübhələnməyə başlamışdı, amma əlində elə bir sübutu yox idi ki, onu günahlandıra bilsin. Bu işi bir yana çıxarmaq, oğrunu tutmaq üçün Səftər kişi çox düşünüb-daşınırdı, ancaq bir tərəfə çıxarda bilmirdi. Nəhayət, o, belə qərara gəldi ki, gecə anbarın qapısını bağlayıb evə getməmişdən əvvəl anbarda yığılmış və səliqə ilə topa vurulmuş taxıl topasının üzünə barmağı ilə bir eşşək, arxasında da balasının şəklini çəksin. Əgər oğru topanın harasından taxıl götürərsə götürsün, fərqi yoxdu, onda taxıl topası sürüşəcək, şəkillər pozulacaq, bununla da Səftər kişi oğurluq olduğunu dəqiqləşdirəcək. Səftər kişi bu məqsədlə də anbarda taxıl topasının üzərinə bir eşşək, arxasında da balasının şəklini çəkir. Sonra anbarı bağlayıb evə gedir.

Gecənin yarısı Şura, adəti üzrə, anbara gəlir. İçəri girib işığı yandırır və bu zaman taxıl topasının üzərində eşşəklə balasının şəklini görüb məsələdən hali olur. Bilir ki, bunu edən Səftər kişidir. Şura kisəsini taxılla doldurur, taxıl topası sürüşür və şəkillər pozulur. Şura özünü itirmir, taxıl topası sürüşüb qurtardıqdan sonra özü həmin yerə bir eşşək və balasının şəklini çəkir. Amma yadında olmadığı üçün eşşəyin balasının şəklini eşşəyin qabağında çəkir. Anbarı bağlayıb gedir. Səhərisi gün işə gələndə Səftər kişi görür ki, eşşəyin şəkli yerindədi, ancaq balası keçib qabağa. Tez Şuranı çağırır və deyir ki, dünən gecə burdakı şəkildə eşşəyin balası arxada idi, kimsə burdan taxıl götürüb, çünki indi eşşəyin balası qabaqdadır. Nə deyirsən, bunu kim edib. Şura özünü itirmədən tez cavab verir ki, Allah sənə kömək olsun, kim edəcək, heç kim, xam qoduqdu, təzə buğdadan yeyib şıllaq atıb keçib anasının qabağına, bunu bilməyə nə var ki. Səftər kişi xeyli Şuranın üzünə tamaşa edir və əlacsız vəziyyətdə başını aşağı salıb dayanır.

Səftər kişiyə son zamanlar hökumət bir “Zaporojets” maşını vermişdi. O, maşına min bəzək vurmuşdu, əsasən toylara sürərdi, qalan vaxtlarda piyada və yol maşını ilə gəzərdi.

Səftər kişi özü qocaldığı kimi çoxdan verilmiş “Zaporojets” maşını da tamam köhnəlmişdi. O, hər səhər yuxudan hamıdan tez durar, maşınının müxtəlif hissələrini söküb tökərdi yerə. Həyət həmişə sökülmüş maşın hissələri və maşından tökülən yağ ilə zibillənərdi. Bu da arvadı Sənəmi həmişə özündən çıxarar, ərinin üzünə qayıdar, arxasınca danışardı. Ancaq həyəti həmişə özü təmizləyərdi. Ümumiyyətlə, Sənəm təmizkar qadın idi.

Günlərin bir günü Səftər kişi adəti üzrə yenidən obaşdan durub maşını söküb-tökmüşdü yerə. Hər yer mazut və yağ idi. Səftər kişi maşının hansı hissəsinisə çəkiclə döyəcləmək istərkən çəkic baş barmağının sədəfinə dəymiş, kişinin dini-imanı qaçmışdı. Bu zaman arvadı Sənəm yuxudan durub həyət-bacaya baxaraq deyinmişdi:

– Ay Səftər, bu nədi, yenə həyətə tökmüsən?

Baş barmağı ağzında olan Səftər kişi barmağını ağzından çıxardıb odlana-odlana dillənmişdi:

– Atanın sümükləridi, gəl yığışdır.

Barmağını yenidən ağzına soxub ufuldamışdı. Atası yenicə ölmüş Sənəm isə qapıda oturub zar-zar ağlamağa başlamışdı.    

Səftər kişini kənddə hamı yaxşı tanıdığından heç kəs ona baş qoşmazdı. O, kimi istəsə söyərdi, kimdən istəsəydi yuxarılara əsaslı-əsassız şikayətlər yazardı. Hamı bilirdi ki, Səftər kontuziyalıdı. Başının ağrısı tutub günlərlə yatanda qonşu arvadlar Sənəmin başına yığışar,ona məsləhətlər verərdilər. Amma Səftər kişinin heyi olsaydı, arvadlar ora gedə bilməzdilər, çünki Səftər kişi istədiyi vaxt patronu ov tüfənginə qoyub xırda quşlara güllələr yağdıra bilərdi. Bu zaman o, güllənin hara getməsinə fikir verməzdi, buna görə hamı ondan ehtiyat edərdi.

Səftər kişi ürəyiyumşaq adam idi, amma əməlləri ürəyinə oxşamırdı.

Bir dəfə qonşu rayona gedibmiş. Görür ki, kino evinin qabağında xeyli adam toplaşıb, müdir də ordadır. Hansı kino olduğunu soruşur. Müdir deyir ki, qırğındı, yəni davalı kinodu. Səftər kişi bilet alıb girir kinoya. Görür ki, yalandı, kino davadan deyil, alimlərin elmi axtarışlarından bəhs edən sakit tərzli kinodu. Səftər kişi kinodan çıxıb Leninin qəbrinə, yəni Movzoleyə bir neçə teleqram vurur ki, filan rayonun kino evinin müdiri bizim apardığımız müharibəni lağa qoyur, müharibə adı ilə adamları başqa məzmunlu kinoya salıb qeyri-qanuni yolla çoxlu pul qazanır. Səftər kişinin imzasını görən kommunistlər dərhal həmin rayona  nümayəndə göndərir. Yazıq müdirə iş qaldırıb bir neçə il həbs cəzası verirlər.

Səftər kişi müharibə əlili kimi bütün imtiyazlardan gen-bol istifadə edərdi. Dava-dərmanını həftədə bir dəfə rayon xəstəxanasının nümayəndəsi gətirib verərdi. Özü  xəstəxanalara gedəndə özünü huşsuzluğa vururardı, görən desin ki, bunlar başındakı xəsarətlərdəndi.

Bir gün Səftər kişi rayon mərkəzindəki poliklinikaya gedir. Həkimlər onu rentgenə salır. Gündüz olsa da otaq qaranlıq olur. Səftər kişi otaqdan çölə çıxanda deyir ki, ay həkim, gecəniz xeyrə qalsın. Həkim də deyir ki, xeyrə qarşı, amma faralarını, yəni işıqlarını yandır get.

Səftər kişi yaşlaşdıqca əzaları yavaş-yavaş sözünə baxmırdı. Bir yerini müalicə etdirib qurtarmamış o biri yeri ağrıyırdı. Qış günlərinin birində Səftər kişinin dişi bərk ağrıyır. Kənddə diş həkimi yoxmuş, can həkimi, yəni terapevt varmış. Sənəm onu can həkiminin yanına aparır. Kişi içəri girən kimi həkim  deyir ki, soyun. Səftər kişi soyunur. Həkim aparatı qulağına qoyub onun ciyərlərini dinləyir, böyrəklərinə baxır. Görür ki, hər şey yaxşıdı. Həkim soruşur:

– A kişi, haran ağrıyır?

Səftər kişi cavab verir ki, dişim ağrıyır. Həkimi od götürür:

– Ay rəhmətliyin oğlu, bəs səhərdən sənin canının hər yerinə aparat qoyub baxıram, niyə dillənmirsən?

Səftər kişi deyir ki, həkim, qadan alım, elə bilirəm bayaqdan bəri orda dişin kökünü axtarırsan. Həkimin Səftər kişiyə yazığı gəlir, bir ağrıkəsici iynə vurur. Sənəm Səftər kişini götürüb gəlir evlərinə.

Səftər kişi kontujnu olsa da kəndin xeyrindən-şərindən qalan adam deyildi. Harda toy, sünnət olardısa, gedib iştirak edər, nəmərini yazdırardı, harda yas düşsəydi ora baş çəkərdi, başsağlığı verərdi.  

Yazın ilk ayında Mustafanın bacısı oğlunun kiçik toyu idi. Mustafa xarakter etibarilə yeyib-içən, deyib-gülən, zarafatı sevən və eləməyi bacaran orta yaşlı bir adam idi.

Səftər kişi məclisə gələndə Mustafa bir tərəfə çəkilib yeyib-içirdi. Səftər kişi içəri girəndə Mustafa ayağa durdu və məclisdəkilərə təklif elədi ki, badələri Səftər kişinin sağlığına içsinlər, çünki Səftər kişi xeyir-şər adamıdı, əsl ağsaqqaldı. Səftər kişi yanında oturan adama pıçıldadı ki, Mustafa çox yaxşı cavandı, onun dayısı da yaxşı karlı adam olub, bu, ona oxşayıb. . 

Bir az keçməmiş keflənmiş Mustafa bir də ayağa durub Səftər kişinin sağlığına badə qaldırdı və dedi ki, Səftər kişi böyüklə böyükdü, kiçiklə kiçik. Səftər kişi yanındakına dedi ki, Mustafanın dayısı aclıq illərində kəndi acından ölməyə qoymayıb, çox yanımcıl adam olub.

Məclisin şirin yerində artıq sərxoşluğu tamam bilinən Mustafa yenidən durur və dili topuq çala-çala dedi ki, gəlin bu badələri Səftər kişinin sağlığına içək, ona görə ki, 41-ci ildəki kişilərin ən yaxşısıdı, ondan yoxdu. Müharibədə kantujnu olanların hamısı yoxdu, ölüb, amma Səftər kişinin güllə bu üzündən dəyib o üzündən çıxıb, başının yarısı yoxdu, kişi neçə ildi kontujnudu, aradabir dəli də olur, amma heç vecinə deyil, yenə sağ-salamatdı. Mustafanın yanında oturan sərxoş dostu da başını qaldırıb dedi ki, arsızdı, ona görə belədi. Səftər kişi yanındakı kişiyə dedi ki, Mustafanın əmiləri, atası çox alçaq adam olublar, bunun da bir suyu onlara oxşayır. Səftər kişi bu sözləri yanındakına deyib məclisdən çıxdı, heç  nəmər də yazdırmadı.

Səftər kişinin iki qızı, bir oğlu vardı. Qızları başqa rayona ərə getmişdi, ata evinə az-az gəlirdilər, oğlu əsgərlikdən sonra Qazaxıstana gedib orda qalmışdı. Çoxdan idi ki, ondan bir xəbər yox idi. Əvvəllər heç olmasa evə məktub yazardı. Anası Sənəm tez-tez qonşulara gileylənirdi ki, Səftər xəstə yatır, Xalidi, yəni oğlunu arzulayır. Yazıq kişi bilmir oğlunu bir də görəcək, yoxsa yox.

Səftər kişinin xəstəliyi ağırlaşmışdı, yanına gəlib-gedənlərin sayı artmağa başlamışdı. Özünün xahişi ilə kəndin mollası Məşədi Muxtar da çox vaxt ona baş çəkənlərin yanında olurdu. Niyə özünün xahişi ilə deyirəm, Səftər kişi təmiz kommunist olduğundan ateist idi. Canı azar tanıyana kimi mollaya-zada inanmazdı. Hələ desən, onlardan zəhləsi də gedirdi. Naxoşluğu güc gələndə qonşusu Binnətdən xahiş eləmişdi ki, Molla Muxtara desin, qoy o da gəlsin. Molla Muxtar da əvvəl razılıq verməmişdi, sonra demişdi ki, o Allahsızın, dəlinin biridi, ona fatihə düşmür. Sonra kəndin ağsaqqallarının sözünü yerə salmamışdı, gəlmişdi. Səftər kişiyə baxan kimi demişdi ki, bu kişi  uzun müddət ölməyəcək, xeyli əziyyət çəkəcək, üzündən hiss olunur ki, elədiyi pisliklərin haqq-hesabından, ona axirətdə veriləcək suallara cavab verə bilməyəcəyindən qorxur.

Səftər kişi daha az-az danışır, çox vaxt gözüyumulu olurdu. Kimsə dedi ki, oğluna teleqram vurun, gəlsin, kişinin son nəfəsinə çatsın. Kəndin poçtunun müdiri Surxay yaxşı adam idi, Xalidə teleqram vurdu, atasının ölüm döşəyində olduğunu bildirdi.

Xalid bir həftədən sonra gəldi.

Saçları tamam ağarmışdı, dilimizi əməlli-başlı yadırğamışdı, dediyi sözlərin çoxunu düz-əməlli başa düşmək olmurdu, qazax ləhcəsində danışırdı. Bir sözlə, Xaliddə Xalidlik qalmamışdı. Anası boynuna sarılıb ağladı, Xalidin heç tükü də tərpənmədi. Onun qoluna girib Səftər kişinin yanına apardılar. Qonşuları Binnət dedi ki, ay Səftər, gör kim gəlib? Səftər kişi səsə gözünü açıb baxdı və yavaş, güclə eşidiləcək səslə dedi ki, Xosrov deyilmi? Xosrov Səftər kişinin böyük qızının əri idi. Səftər kişi gözünü yenidən yumdu. Xalidi çölə çıxartdılar, anası ona təsəlli verib dedi ki, qorxma, indi atan yaxşıdı. Xalid kənara baxa-baxa dedi ki, məni belə tanıdısa, onun yaxşı olmağı çezdi, çətin düzələr.

Xalid gələndən bir həftə sonra Səftər kişinin vəziyyəti lap ağırlaşdı. Daha heç gözünü də açmır, qırıq-qırıq nəfəs alırdı, arabir qaş-qabağını tökürdü, hiss olunurdu ki, ağrılar kişiyə əzab verir. Xalid isə tələsirdi, deyirdi ki, işdən cəmi on günlüyünə icazə alıb. Səftər kişinin nə vaxt öləcəyi  məlum deyildi. Gecənin yarısına kimi Sənəm və qonşu arvadların bəziləri Səftər kişinin yanında otururdular. Gecə yarısı Molla Muxtar gəlir, sübh namazından bir saat keçənə kimi Quran oxuyurdu. Hər dəfə Molla Muxtar Quran oxuyanda adama elə gəlirdi ki, Səftər kişi bunu bilir, çünki onun nəfəs almağı rahatlaşır, üzündə bir sakitlik yaranırdı. Molla Muxtar gələndə arvadlar dağılışırdı. Otaqda Molla Muxtarla Səftər kişi ikisi qalırdı otaqda.

Molla Muxtar da hiss edirdi ki, dua oxumağa başlayan kimi Səftər kişinin xırıltısı azalır, hulqumu az-az qalxıb-enir. O, düşünürdü ki, kişinin çəkdiyi bu əzablar təsadüfi deyil. Onun həyat tərzindən, Allaha inamsızlığından, adamlara etdiyi pisliklərdən irəli gələn məsələdi. Muxtar bunları fikirləşə-fikirləşə dua oxuyur, tez-tez Səftər kişiyə baxırdı və bəzən, nədənsə, qorxub eymənirdi. Molla Muxtar xatırlayırdı ki, aclıq illərində qonşu kənddən dul arvad olan Məxmərin yelinli inəyini Soltanla birlikdə oğurlayıb kəsmişdilər. Rayon mərkəzindən Kor Tağıya oğlunun müharibədə itkin düşməsinə görə verilən birdəfəlik qan pulunu gizlətmişdilər, arvadı Qəməri günahı olmaya-olmaya çox, lap çox incitmişdi, analarına kömək eləmək istəyən qızlarını da ona qatmışdı, mollalığa təzə başlayanda özünü camaata göstərmək üçün sözlərini bilməyə-bilməyə namaz qılmışdı. Son vaxtlar ata-anasına, əzizlərinə Quran oxutmaq üçün verilən pulları almışdı, ancaq oxumamışdı. Molla Muxtar bu və ya buna bənzər başqa şeyləri də düşünə-düşünə gözlərini Səftər kişidən çəkmir, heç olmasa indi borcunu vicdanla yerinə yetirmək istəyirdi. Amma keçmiş haqqında düşüncələri ona fikrini bir yerə toplamağa imkan vermirdi.

Molla Muxtar belə bir günün onunçün də olacağından qorxmağa başlamışdı. O, heç vaxt Allahın varlığına bu qədər inanmamışdı, Allahdan bu qədər qorxmamışdı. Həqiqətən, Allah haqqında onun təsəvvürü elə idi ki, yaxşı ki, elə bil ki, heç təsəvvürü yox idi. Molla Muxtar təhsil almamışdı, özünün dediyinə görə, qonşu kənddən olan Molla Surxaydan öyrənmişdi Quran oxumağı.

Molla Muxtar gələcək aqibətindən həm də ona görə qorxurdu ki, o, duaların nə hamısını, nə də ardıcıllığını bilirdi. Buna baxmayaraq ölü də götürmüşdü. Doğrudur, Səftər kişi dinə o qədər inanan adam deyildi, amma bu, Molla Muxtara öz işini bilməməyə haqq qazandıra bilməzdi.

İndi Molla Muxtar Səftər kişinin son nəfəsdə olan canına tamaşa edə-edə onun elədiyi işləri özünün əməlləri ilə müqayisə edirdi və onu vahimə basırdı.

Bir neçə gündən sonra Səftər kişi keçindi. Onu yuyac yerində yuyub təmizlədilər, kəfənləyib evin ortasına qoydular. Axşam düşəndə Molla Muxtar onun başı üstündə Yasin oxuyur, arvadlar həzin-həzin ağlayırdılar. Gecə düşəndə Molla Muxtar sübh namazından sonra gələcəyini bildirib getdi. Arvadlar gecəni yatmadılar, kişinin üstündə ağlaşmanı davam etdirdilər.

Gecə keçmişdi. Sübh namazına təxminən bir saat qalmış olardı. Arvadların bəziləri elə oturduğu yerdə növbə ilə gözlərinin acı yuxusunu almaq üçün mürgüləyirdi. Arvadlardan biri gözlərini açdı. Qorxa-qorxa, dili batmış bir vəziyyətdə yanındakı arvadı dümsükləyib oyatdı. Onlar dəhşətlə meyitə baxdılar. Səftər kişinin əlinin biri kəfəndən kənara çıxmışdı, qarnı enib-qalxırdı. Arvadlar qışqırıb çölə çıxdılar. Qonşu Binnəti çağırdılar. Binnət içəri girəndən iki-üç dəqiqə sonra rəngi ağarmış çölə çıxdı. Dedi ki, kişi dirilib, tez mağarı sökün, yoxsa bilib qorxar. Kəndin səs-küyə yuxudan oyanan kişiləri məsələni eşidib gəldilər. Gəlib gördülər ki, Səftər kişinin gözləri açıq kəfənin içindən sakitcə baxır. Gələnlər kişini kəfəndən çıxartdıqdan sonra yorğan-döşəyə qoydular. Molla Muxtarın dalınca adam göndərib əhvalatı ona danışdılar. Molla Muxtar məsələni eşidəndə əvvəlcə inanmadı. Sonra bərk qorxmağa başladı. O da durub Səftər kişinin yanına gəldi. Molla Muxtar gələndə beş-altı kişi Səftər kişinin yanındaydı. Molla Muxtar içəri girəndə Səftər kişi əli ilə onu göstərib yavaş səslə soruşdu ki, səni də buraxdılar? Qorxudan Molla Muxtarın qıçlarının taqəti kəsildi, güclə otura bildi, özünü zorla toplayıb dedi ki, hardan? Səftər kişi dedi ki, neçə vaxtdı onlar bir yerdədilər. Verilən suallara düzgün cavab verdim, mənə dedilər get, çağıracağıq. Amma sən nahaq boynuna almadın, onsuz da orda hər şeyi bilirlər, inəyi oğurlamağını da, Kor Tağının pulunu vermədiyini də, arvad-uşağını incitdiyini də, camaatı yalandan aldatdığını da bilirlər. Gərək boynuna alaydın.

Səftər kişinin üz-gözündən gümrahlıq yağırdı.

Hamı nitqi qurumuş şəkildə ona baxırdı. Səftər kişi Molla Muxtara dedi ki, get hazırlaş, səni də çağıracaqlar. Molla Muxtar başında heç bir düşüncə olmadan, qorxmuş vəziyyətdə, bir növ, sürünə-sürünə evinə getdi. Çatan kimi də yorğan-döşəyə düşdü, heç nə yeyib-içə bilmədi, bir həftənin içində bir dəri qaldı, bir də sümük. Dili batdığından heç kimə bir kəlmə söz deyə bilmədi. Ağlaya-ağlaya bir neçə gün can verdi. Nəhayət, xəstəliyinin on ikinci günü öldü. Molla Muxtarı qonşu kəndin mollası Surxay götürdü. Amma çox tələsik. Yasa gələnlərin sayı çox az idi, demək olar ki, ancaq yaxın qohum-əqrəbası idi.

Səftər kişi “diriləndən” sonra bir il dörd ay yaşadı. Düzdü, durub gəzə bilmədi, amma yorğan-döşəkdə olsa da danışa, hərəkət edə bilirdi. Səftər kişi yaşadığı günlərin hamısını ağlaya-ağlaya Allaha dua edirmiş. Arvadı Sənəmin dediyinə görə, kişi o vəziyyətdə namazın sözlərini öyrənibmiş.

Səftər kişinin ölümünü arvadı Sənəm qonşuları Binnətə çox sakit tərzdə dedi. Oğlu Xalid Qazaxıstandaydı.

Səftər kişinin dəfninə kəndin bütün adamları gəlmişdi. Dəfndə qonşu kənddən üç molla da iştirak edirdi. Yasda, demək olar ki, hamı deyib-gülürdü. Ehsan da çox iştahla yeyildi.

 


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.