525.Az

Ukrayna parlamenti qondarma “erməni soyqırımı” layihəsini müzakirəyə çıxarmaqdan imtina edib

[30.07.13]
Ukrayna parlamenti qondarma “erməni soyqırımı” layihəsini müzakirəyə çıxarmaqdan imtina edib<b style="color:red"></b>  Ukrayna Ali Radasının (parlament) İnsan hüquqları və millətlərarası münasibətlər komitəsi parlamentə təqdim olunmuş qondarma “Erməni soyqırımı”nın tanınması haqqında qanun layihəsini müzakirəyə çıxarıb. Komitə üzvü, Ali Radanın deputatı Mustafa Cəmil APA –ya açıqlamasında bildirib ki, komitədə keçirilən müzakirələrdə layihənin parlamentdə müzakirəsi məqbul sayılmayıb və layihə komitədən geri qaytarılıb.
 
Mustafa Cəmil qeyd edib ki,  müzakirə zamanı bildirilib ki, belə bir sənədin Ukrayna parlamentində qəbulu reallığa uyğun deyil: “Komitə üzvlərinin də yekdil fikri o oldu ki, bu kimi sənədlərin qəbulundan əvvəl tarixçilərin bu barədə geniş araşdırmasına və birgə qərarlarına ehtiyac var. Eyni zamanda belə bir layihənin qəbulu ölkədə millətlərarası dostluğa ciddi ziyan vura bilər. Ona görə də komitə belə bir layihədən imtina etdi”.
 
Məsələ ilə bağlı Ali Radanın bir qrup deputatının imzası ilə Ukrayna Azərbaycanlıları Konqresinə (UAK) rəsmi müraciət də ünvanlanıb. Müraciətdə layihənin komitədən geri qaytarıldığı və Ukraynada yaşayan azərbaycanlıların, digər türkdilli xalqların narahatlığına artıq ehtiyac qalmadığı qeyd olunub.
 
Xatırladaq ki, layihə ötən ay Ukrayna Ali Radasının erməni əsilli deputatları Arsen Avakov (Yuliya Timoşenkonun rəhbəri olduğu “Batkivşina” Partiyası) və Vilen Şatvoryandır (hakim Regionlar Partiyası) tərəfindən parlamentə təqdim olunub və katiblikdə qeydə alınıb.
 
Layihədə qeyd olunur ki, Ali Rada ermənilərin 1915-1922-ci illərdə Osmanlı İmperiyasında kütləvi məhv edilməsini erməni xalqının soyqırımı kimi tanıyır, 24 apreli isə erməni xalqının soyqırımı qurbanlarının xatirə günü kimi qəbul edir.
 
Layihə parlamentdə qeydə alındıqdan dərhal sonra UAK, Ukrayna Azərbaycanlı Gəncləri Birliyi (SAMU) və digər türkdilli təşkilatlar birgə Ukrayna Ali Radasına və ölkə prezidentinə etiraz məktubu ünvanlayıb, layihə qəbul olunduğu təqdirdə ölkədə kütləvi etiraz aksiyaları keçiriləcəyini bildiriblər. Radanın deputatı, Krım tatarlarının lideri M. Cəmil isə layihə qəbul olunduğu təqdirdə “Batkivşina” fraksiyasından çıxacağını və Krım tatarlarının kütləvi etirazlara qalxacağını bəyan etmişdi.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.